Bu ölkədə GÜCLÜ YANĞIN: Evlər KÜLƏ DÖNDÜ
Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları sürətlə genişlənməkdə davam edir. Bölgədə başlayan iki böyük yanğın birləşərək daha geniş ərazini əhatə edən alova çevrilib.
Ajans.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Britaniya Kolumbiyası Yanğınla Mübarizə Xidmətinin məlumatına görə, Tompson-Nikol regional dairəsində baş verən yanğının ümumi sahəsi 66 min hektardan artıqdır. Quru və isti hava şəraiti yanğınsöndürmə işlərini xeyli çətinləşdirir.
Təbii fəlakətlə əlaqədar yüzlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilib. İlkin məlumata görə, ən azı 20 yaşayış evi və digər tikili yanaraq məhv olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Əyalət hakimiyyəti bildirib ki, hazırda Britaniya Kolumbiyasında 145 aktiv meşə yanğını qeydə alınıb. Yanğınların söndürülməsinə təxminən 1000 yanğınsöndürən və xilasedici, yüzlərlə texnika, həmçinin 162 təyyarə və helikopter cəlb olunub.