Almaniyada 15 yaşlı yeniyetmə sinaqoqa terror hücumu hazırlamaqda ittiham olunub.
Ajans.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Məlumata görə, Münhen Baş Prokurorluğu Auqsburq şəhərindən olan yeniyetmə barəsində ittiham irəli sürüb. İstintaq materiallarında bildirilir ki, o, İŞİD terror qruplaşmasının ideologiyasına rəğbət bəsləyib və evində çoxlu sayda pirotexniki vasitə saxlayıb.
Prokurorluğun məlumatına əsasən, 2025-ci ilin oktyabr ayının sonunda yeniyetmə tennis topu ölçüsündə evdə hazırlanmış partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində onun iki barmağı amputasiya olunub, hadisə zamanı yanında olan dostu isə yüngül xəsarət alıb.
Cinayət işi Auqsburq Yetkinlik Yaşına Çatmayanlar Məhkəməsində araşdırılacaq.
Yeniyetmənin müdafiə tərəfi isə onun terror aktı planlaşdırması ilə bağlı ittihamları qəbul etmir.