Aİ AliExpress-i 550 milyon avro cərimələdi
Avropa Komissiyası Çin mənşəli onlayn ticarət platforması AliExpress-i 550 milyon avro məbləğində cərimələyib.
Ajans.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Məlumata görə, cərimə platformanın qanunsuz, təhlükəli və saxta məhsulların satışı ilə bağlı riskləri lazımi səviyyədə qiymətləndirməməsi və bu risklərin qarşısını almaq üçün kifayət qədər tədbir görməməsi səbəbindən tətbiq edilib.
Qərar Avropa İttifaqının Birliyə idxal olunan 150 avrodan aşağı dəyəri olan bağlamalara 3 avro məbləğində sabit rüsum tətbiq etməsindən bir neçə gün sonra qəbul edilib. Yeni qaydaların AliExpress, Shein və Temu kimi Çin onlayn ticarət platformalarının fəaliyyətinə ciddi təsir göstərəcəyi gözlənilir.
Avropa Komissiyasının araşdırması zamanı müəyyən edilib ki, platformada aparılan moderasiya tədbirlərinə baxmayaraq, təhlükəli oyuncaqlar, sağlamlıq üçün risk yaradan kosmetik vasitələr və digər qanunsuz məhsullar satışda qalmağa davam edib. Bəzi hallarda isə qayda pozuntusu kimi qeyd olunan məhsulların həftələrlə platformadan silinmədiyi bildirilib.