Braziliyadan Trampın Hörmüz planına sərt reaksiya
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması ilə bağlı təşəbbüsünü sərt tənqid edib və bunu "piratçılıq" adlandırıb.
Ajans.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Lula da Silva bildirib ki, uzun illər dəniz piratçılığına qarşı mübarizə aparan ABŞ indi özü belə addımlar atmamalıdır.
"Uzun müddətdir piratçılıqla mübarizə aparan ABŞ indi özü pirata çevrilməməlidir", – deyə Braziliya lideri vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun Hörmüz boğazından tranzit keçən gəmilərdən ödəniş almaq planı qeyri-demokratik və sivil prinsiplərə ziddir. Lula hesab edir ki, ABŞ bu yolla başqalarının üzləşdiyi böhrandan faydalanmağa çalışır.
Braziliya prezidenti xatırladıb ki, hərbi əməliyyatlar başlamazdan əvvəl Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq idi. O, həmçinin regiondakı gərginliyin dünya bazarlarına, xüsusilə də ərzaq qiymətlərinə birbaşa təsir göstərdiyini qeyd edib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ-ın İran limanlarının blokadasını bərpa etdiyini və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınan yüklərin dəyərinin 20 faizi həcmində ödəniş tətbiq ediləcəyini açıqlamışdı.
Trampın sözlərinə görə, Vaşinqton bundan sonra "Hörmüz boğazının qoruyucusu" rolunu üzərinə götürəcək və təhlükəsizliyin təmin edilməsi üçün çəkilən xərclərin kompensasiyası məqsədilə bu ödənişlər alınacaq.