Radarlardan yoxa çıxan təyyarənin qalıqları aşkarlandı-EKİPAJ TAPILMADI
Pakistan Hərbi Dəniz Qüvvələri Şarjadan Karaçiyə uçan və itkin düşən K2 Airways aviaşirkətinə məxsus Boeing 737-400 yük təyyarəsinin yeni qalıqlarını aşkarlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Dawn qəzeti Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat yayıb.
Bildirilib ki, beş ekipaj üzvünün olduğu yük təyyarəsi iyulun 7-də Ərəbistan dənizi üzərində, Karaçidən təxminən 250 kilometr qərbdə radarlardan itib.
Pakistan Hərbi Dəniz Qüvvələri ilə Dəniz Təhlükəsizliyi Agentliyinin birgə axtarış əməliyyatı zamanı təyyarənin əlavə qalıqları Ormara limanından təxminən 100 kilometr qərbdə dənizin dibində aşkar edilib. Tapılan fraqmentlər araşdırılması üçün istintaq qrupuna təhvil veriləcək.
Hazırda ekipaj üzvlərinin axtarışı hava və dəniz qüvvələrinin iştirakı ilə davam etdirilir.
Məlumata görə, AP-BOI qeydiyyat nişanlı təyyarə 2024-cü ildə K2 Airways aviaşirkətinin istismarına verilib. Təyyarə daha əvvəl Garuda Indonesia da daxil olmaqla bir neçə aviaşirkət tərəfindən istifadə olunub. O, 2012-ci ildə sərnişin təyyarəsindən yük təyyarəsinə çevrilib, daha sonra isə ASL Airlines Belgium şirkətinin donanmasına daxil edilib.