Any Unboxing reklamına kim icazə verib? – ADRA-dan AÇIQLAMA
Xəbər verdiyimiz kimi son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub. Xəbər verdiyimiz kimi son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.
Ajans.azxəbər verir ki, Piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.
Mövzu ilə bağlı Ajans.az olaraq Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə (ADRA) müraciət etdik.
Məsələ ilə bağlı ADRA-dan bildirilib ki, qeyd olunan reklam materiallarının yerləşdirilməsi ilə bağlı müraciətə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmış və müvafiq icazə verilmişdir. Təqdim olunmuş reklam materialları "Any Unboxing" platformasının tanıdılmasına yönəlmiş ümumi xarakterli reklam məzmunu daşıyıb. Reklam mətnlərində və vizual tərtibatında vətəndaşların pul vəsaiti yatırmasına çağırış, gəlir əldə ediləcəyinə dair vədlər, investisiya təklifləri və ya "Ponzi" sxeminin əlamətlərini əks etdirən hər hansı məlumat yer almayıb.
Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatdan da göründüyü kimi, söhbət reklam materiallarının məzmunundan deyil, sonradan aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş qanunsuz fəaliyyətdən gedir. Reklamın yerləşdirilməsinə baxıldığı dövrdə həmin fəaliyyətlə bağlı Agentliyə hər hansı rəsmi məlumat təqdim edilməmişdir.
Cari vəziyyətlə bağlı isə qeyd olunub ki, Agentlik tərəfindən sözügedən reklamların açıq məkanda yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülmüş və açıq məkanda yerləşdirilmiş reklamların bütün daşıyıcılarda yayımının dayandırılması təmin edilmişdir.
Agentlik reklam yayıcılarının diqqətinə çatdırır ki, reklam materiallarının qəbul edilməsi və yayımlanması zamanı reklam sifarişçiləri tərəfindən təqdim olunan məlumatlara məsuliyyətlə yanaşılması, şübhə doğuran hallarda əlavə araşdırmanın aparılması və zərurət yarandıqda aidiyyəti dövlət qurumları ilə operativ əməkdaşlığın təmin edilməsi reklam bazarında sağlam və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Agentlik fəaliyyətində hər zaman qanunvericiliyin tələblərini rəhbər tutur. İndiyədək reklam fəaliyyəti ilə bağlı şübhə doğuran və ya əlavə araşdırma tələb edən hallarla rastlaşdıqda aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq etmiş, qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Bundan sonra da bu istiqamətdə fəaliyyət eyni yanaşma əsasında davam etdiriləcəkdir.