Reklam resmi
Reklam resmi

 Kriptovalyutaya yatırım edənlərin DİQQƏTİNƏ

 Kriptovalyutaya yatırım edənlərin DİQQƏTİNƏ
İqtisadiyyat

Kriptovalyuta bazarında həm yeni imkanlar, həm də risklər mövcuddur.

İqtisadçı ekspert Natiq Cəfərli Ajans.az-a açıqlamasında bildirib ki, bazarın real vəziyyətini, yeni qanunların təsirini tam qiymətləndirmək mümkün deyil.

Onun sözlərinə görə, hazırda əsas məqsəd kriptovalyuta bazarında müəyyən tənzimləmə mexanizmi yaratmaq, vətəndaşların yatırımlarını qorumaq və Azərbaycanın bu sahədə rəsmi platformalar formalaşdırmasına şərait yaratmaqdır:

"Kriptovalyutanın əsas cəlbedici xüsusiyyətlərindən biri anonimlik olub. Əgər yeni tənzimləmə mexanizmi anonimliyə son qoyacaq, bütün əməliyyatlar qeydiyyat əsasında aparılacaqsa, hesab edirəm ki, Azərbaycanda kriptovalyuta bazarının iştirakçıları buna o qədər də maraq göstərməyəcəklər. Çünki hazırda azərbaycanlı investorların əksəriyyəti əməliyyatlarını xarici platformalar vasitəsilə həyata keçirirlər.”

N.Cəfərlinin sözlərinə görə, qanun layihəsinin hazırlanmasının əsas səbəblərindən biri son illərdə kriptovalyuta sahəsində müşahidə olunan fırıldaqçılıq hallarıdır:

"Yeni mexanizm vətəndaşların hansı kriptovalyutanı kimdən, nə vaxt aldığını və satdığını müəyyən platformalar üzərindən izləməyə imkan verəcək. Bu isə xüsusilə bazar haqqında kifayət qədər biliyi olmayan şəxslərin dələduzluq qurbanına çevrilməsinin qarşısını almağa kömək edə bilər."

Ekspert hesab edir ki, qanunun bazara təsiri onun yekun redaksiyasından asılı olacaq:

“Əgər qanun əsasən qeydiyyat, sərt nəzarət, vergi və digər inzibati mexanizmlər üzərində qurularsa, bu, kriptovalyuta bazarının cəlbediciliyini azalda bilər. Xarici platformalarda insanlar daha rahat əməliyyat aparır, bəzi hallarda qeyri-rezident olduqları üçün vergi də ödəmirlər. Bu səbəbdən həddindən artıq tənzimləmə investorların xarici platformalara marağını daha da artıra bilər. Qanun ilkin variantda qəbul olunarsa, kriptovalyuta platformalarının məsuliyyəti də əhəmiyyətli dərəcədə artacaq.

Platformalarda baş verən mümkün fırıldaqçılıq, vəsait itkisi və digər risklərə görə həmin platformalar məsuliyyət daşımalı olacaqlar. Bu isə onların fəaliyyətinin sığortalanmasını və əlavə xərclərin yaranmasını qaçılmaz edə bilər. Platformalar böyük ehtimalla bu məsuliyyətin maliyyə yükünü istifadəçilərdən alınacaq müxtəlif ödənişlər və ya sığorta haqları hesabına kompensasiya etməyə çalışacaqlar. Bir tərəfdən bu, vətəndaşların vəsaitinin qorunmasına xidmət edəcək, digər tərəfdən isə əlavə xərclər insanların kriptovalyuta bazarına marağının artmasına mane ola bilər."

İqtisadçı hesab edir ki, ümumilikdə rəqəmsal maliyyə alətlərinin inkişafı dünya iqtisadiyyatında qaçılmaz prosesdir və Azərbaycan da bu istiqamətdə hüquqi baza formalaşdırmalıdır.

Onun fikrincə, kriptovalyutalarla bağlı qanun layihəsi rəqəmsal maliyyə bazarının inkişafı üçün mühüm başlanğıc ola bilər. Bununla belə, təkcə bir qanunun qəbul edilməsi rəqəmsal iqtisadiyyata keçid üçün kifayət etməyəcək və gələcəkdə digər sahələr üzrə də müvafiq qanunvericilik aktlarının qəbuluna ehtiyac yaranacaq.

Mələksəda Ziyad

Mövzular:
Kriptovalyuta Qanun Azərbaycan

Digər Xəbərlər