Mədəniyyət Nazirliyi Azərbaycanda ilk dəfə...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.
Ajans.az xəbər verir ki, bu gün Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə ilk dissertasiya müdafiələri keçirilib.
Magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşma Şurasının sədri, mədəniyyət naziri, hüquq üzrə fəlsəfə doktoru Adil Kərimli çıxış edərək bu hadisənin ölkədə mədəniyyət hüququ elminin inkişafı baxımından əlamətdar olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mədəni irsin qorunması, mədəni sərvətlərin hüquqi müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin bərpası və beynəlxalq hüquq müstəvisində qorunması sahəsində peşəkar mütəxəssislərə artan tələbat nəzərə alınaraq, Bakı Dövlət Universitetində 2024/2025-ci tədris ilindən etibarən magistratura səviyyəsində “Mədəniyyət hüququ” ixtisaslaşması təsis olunub.
Bildirilib ki, tədris proqramı Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində hazırlanıb. Hazırda bu ixtisaslaşma üzrə təhsil alan magistrantlar mədəniyyət hüququnun müxtəlif istiqamətlərini əhatə edən elmi tədqiqatlarını uğurla müdafiə edirlər.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında qeyd edib ki, “Mədəniyyət hüququ” ixtisaslaşmasının yaradılması universitetlə Mədəniyyət Nazirliyi arasında səmərəli əməkdaşlığın uğurlu nəticəsidir. Onun sözlərinə görə, proqram hüquq və mədəniyyət sahələrinin kəsişməsində peşəkar mütəxəssislərin hazırlanmasına, ölkədə elmi-tədqiqat potensialının gücləndirilməsinə və milli mədəni irsin hüquqi müdafiəsinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Müdafiələr zamanı təqdim olunan dissertasiya işləri mədəniyyət sahəsində idarəetmənin hüquqi əsasları, beynəlxalq hüquqi əməkdaşlıq, mədəni irsin milli və beynəlxalq hüquqi mühafizəsinin aktual problemləri, mədəni hüquqlar, eləcə də mədəniyyət hüququnun formalaşması və müasir inkişaf tendensiyaları kimi aktual mövzuları əhatə edib.
“Mədəniyyət hüququ” ixtisaslaşmasının yaradılması ölkədə mədəniyyət sahəsində hüquqi tənzimləmənin elmi əsaslarının möhkəmləndirilməsi, mədəni irsin qorunması istiqamətində peşəkar hüquqşünas kadrların hazırlanması və beynəlxalq təcrübəyə əsaslanan müasir hüquqi yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.