Reklam resmi
Reklam resmi

Rusiyada yanacaq böhranı Azərbaycana necə təsir edəcək?

Rusiyada yanacaq böhranı Azərbaycana necə təsir edəcək?
İqtisadiyyat

Rusiyada neft emalı zavodlarına dron hücumları yanacaq böhranını dərinləşdirib.  Rusiyada neft emalı zavodlarına dron hücumları yanacaq böhranını dərinləşdirib.

İqtisadi və enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Ajans.az-a bildirib ki, Rusiyanın neft emalı zavodları və digər enerji infrastrukturuna qarşı həyata keçirilən sistematik pilotsuz uçuş aparatı (PUA) hücumları ölkənin yanacaq bazarında ciddi böhran yaradıb. 

Ekspertin sözlərinə görə, hücumlar nəticəsində Rusiyanın enerji şirkətlərinə məxsus neft emalı güclərinin layihə imkanlarının 40 faizdən çoxu sıradan çıxıb: 

“Bu isə ölkənin müxtəlif regionlarında təchizat zəncirinin pozulmasına, kəskin yanacaq çatışmazlığına və hökumətin daxili bazarı qorumaq üçün məhdudlaşdırıcı tədbirlər görməsinə səbəb olub. Mövcud vəziyyət Rusiyanı bəzi neft məhsullarını xaricdən idxal etməyə məcbur edib.Rusiyanın aparıcı neft şirkətlərinin balansında ümumilikdə 38 neft emalı zavodu fəaliyyət göstərir. Bu müəssisələrin illik emal gücü 275 milyon ton, gündəlik xammal emalı isə təxminən 5,5 milyon barel təşkil edir. Lakin ardıcıl PUA hücumlarından sonra gündəlik emal həcmi 4,1 milyon barelə qədər geriləyib və son illərin ən aşağı səviyyəsinə düşüb. Bazar qiymətləndirmələrinə əsasən, emal güclərinin xammalla yüklənmə səviyyəsi hazırda cəmi 64 faiz təşkil edir. Halbuki normal şəraitdə bu göstərici təxminən 84 faiz olmalıdır. Ekspert hesab edir ki, bu fərq Rusiyada yaranmış yanacaq qıtlığının əsas səbəblərindən biridir.” 

Mütəxəssisin sözlərinə görə, yaranmış vəziyyət nəticəsində Krımdan Vladivostoka qədər uzanan geniş ərazidə yanacaq böhranı hiss olunur. Problemi qismən aradan qaldırmaq məqsədilə Rusiya Belarusun “Belneftexim” şirkətinin tərkibində fəaliyyət göstərən “Naftan” və “Mozır” neft emalı zavodlarında istehsal olunan açıq rəngli neft məhsullarının idxalına başlayıb: 

“Cari ilin may ayından etibarən Rusiyada 24-dən çox neft emalı müəssisəsi dron hücumuna məruz qalıb. Bunun nəticəsində ölkənin neft məhsulları ixrac potensialı demək olar ki, iflic vəziyyətinə düşüb. O vurğulayıb ki, böhran artıq yalnız Rusiyanın daxili bazarı ilə məhdudlaşmır, eyni zamanda region ölkələrinin enerji təhlükəsizliyinə də ciddi təsir göstərir. Rusiyada yaranan yanacaq çatışmazlığı ilk növbədə Mərkəzi Asiya ölkələrinin yanacaq-sürtgü materialları bazarına mənfi təsir edib. Tacikistan, Qırğızıstan, qismən isə Özbəkistan və Qazaxıstan bu təsirləri hiss edən əsas ölkələr sırasındadır. Yanacaq böhranı ilə üzləşən dövlətlərdən biri də Əfqanıstandır.” 

Ekspert hesab edir ki, Rusiyanın emal sektorunda yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: 

“Tətbiq olunan beynəlxalq sanksiyalar, Qərb istehsalı olan avadanlıq və aqreqatların çatışmazlığı zədələnmiş emal qurğularının bərpasını xeyli çətinləşdirir. Bu isə Rusiyanın neft emalı sənayesində dərin texnoloji böhranın davam edəcəyini göstərir. Rusiya-Ukrayna müharibəsinin aktiv fazaya keçməsi və Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda region ölkələrinin yanacaq təminatında Azərbaycanın rolu daha da artır. Onun sözlərinə görə, Azərbaycan artıq regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm təchizatçılardan birinə çevrilib.” 

Z.Vəliyev xatırladıb ki, 2025-ci ilin aprel ayından etibarən SOCAR tender əsasında Türkmənistanın Okarem/Alaca dəniz limanı və İmamnazar–Akina dəmir yolu marşrutu vasitəsilə Əfqanıstana dizel yanacağı ixrac edir. Bundan əlavə, 2025-ci il dekabrın 18-dən başlayaraq Gürcüstan üzərindən FCA Sadaxlı–Ayrım təslim şərti ilə Ermənistana 10 ppm ULSD markalı dizel yanacağı, eləcə də Avro-5 ekoloji standartlarına cavab verən Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin tədarükü həyata keçirilir. 

O əlavə edib ki, Azərbaycan uzun illərdir Gürcüstanın əsas yanacaq təchizatçılarından biridir: 

“Hazırda bu ölkəyə dizel yanacağı CPT Böyük Kəsik–Qardabani təslim şərti ilə göndərilir. Eyni zamanda Qara dəniz regionu ölkələrinə, xüsusilə Ukraynaya dizel yanacağının ixracı FOB Kulevi limanı üzərindən həyata keçirilir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistana Jet A-1 markalı aviasiya yanacağının tədarükü ilə bağlı danışıqlar da davam edir. İllik 30 milyon ton emal gücünə malik SOCAR-ın region ölkələrinin yanacaq təminatındakı rolu qarşıdakı illərdə daha da genişlənəcək. Regionda davam edən geosiyasi risklər və enerji bazarında yaranan qeyri-müəyyənlik fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artacaq və ölkə regional yanacaq təchizatının əsas mərkəzlərindən birinə çevriləcək.”

Mələksəda Ziyad

Mövzular:
Yanacaq Benzin Rusiya

Digər Xəbərlər