Messi “Qızıl top”a namizəd ola bilər
ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə “Qızıl top” mükafatına namizəd ola bilər.
Ajans.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, texniki baxımdan hansı liqada çıxış etməsindən asılı olmayaraq istənilən futbolçu bu mükafatı qazana bilər.
Argentina futbolçusu 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra “The Athletic” portalının hazırladığı “Qızıl top” favoritləri reytinqinə başçılıq edib. Messi turnirdə vurduğu 6 qolla ən məhsuldar futbolçular siyahısına liderlik edib və dünya çempionatının bombardir rekordunu yeniləyib.
Təşkilatçılar xatırladıb ki, 2019-cu ildə qadın futbolu üzrə “Qızıl top” mükafatını ABŞ-ın “Sietl” klubunda çıxış edən Meqan Rapino qazanıb. ABŞ qadın millisinin dünya çempionu olduğu həmin il Meqan Rapino turnirin ən yaxşı oyunçusu və bombardiri seçilib.