Tramp yenidən Prezident olmaq İSTƏYİR
ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində "Tramp 2028" şüarı ilə hazırlanmış bir neçə görüntü paylaşıb.
Ajans.az xəbər verir ki, paylaşımlardan birində Tramp Ağ Evin fonunda "Trump 2028" və "Make America Great Again" ("Amerikanı yenidən böyük et") şüarları yazılmış papaqla təsvir olunub.
Digər görüntü qorxu filmi afişası üslubunda hazırlanıb. Şəkildə qaranlıqda irəliləyən Trampın üzərində "Düşmənlərinizə kabuslar yaşadın", aşağı hissəsində isə "Trump 2028" sözləri yer alıb.
Başqa bir paylaşımda ABŞ prezidenti üzərində "Trump 2028" yazılmış papağı yerə atarkən əks olunub.
Daha bir şəkildə Tramp keçmiş ABŞ Prezidenti Co Baydenin çıxış etdiyi televizorun qarşısında dayanır. Son paylaşımda isə o, raketin fonunda "Kosmik Komandir" və "Ulduzlar arasında yeni dövr başlayır" başlıqları ilə təqdim edilib.
Qeyd edək ki, Donald Tramp iyulun 25-də üçüncü dəfə ABŞ prezidenti olmağa ümid etdiyini və bunun əvvəlki iki prezidentlik müddətindən daha uğurlu olacağını bildirmişdi. Lakin o, sonradan bu sözlərinin zarafat olduğunu açıqlamışdı.



