Azərbaycanda Milli Mətbuat Günüdür
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Ajans.az xəbər verir ki, bu tarix 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə milli mətbuatımızın əsasının qoyulmasını simvolizə edir. Cəmi 56 nömrəsi çap olunsa da, “Əkinçi” maarifçilik ideyalarının yayılmasında, milli düşüncənin formalaşmasında və Azərbaycan mətbuatının inkişafında mühüm iz buraxıb.
Sonrakı dövrlərdə Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Müstəqillik illərində həyata keçirilən islahatlar, xüsusilə senzuranın ləğvi, media azadlığının genişlənməsinə və jurnalistikanın inkişafına təkan verib. Daha sonra media sahəsində qanunvericiliyin yenilənməsi və Medianın İnkişafı Agentliyinin yaradılması bu istiqamətdə aparılan islahatları davam etdirib.
Azərbaycan mediası Vətən müharibəsi dövründə də üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirərək cəbhədə baş verən hadisələri operativ şəkildə ictimaiyyətə çatdırıb, ölkənin haqlı mövqeyinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib. Bu gün də jurnalistlər peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalaraq cəmiyyətin düzgün məlumatlandırılması və dövlət maraqlarının informasiya müstəvisində müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.