MEDİA və DİN birgə MƏLUMAT YAYDI
Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri üzrə kompensasiyanın ödənilməsi, bununla bağlı qeydiyyatın aparılması və müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə saxta məlumatlar yayılır.
Məlumatda vurğulanıb ki, bu cür paylaşımlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
DİN və MEDİA vətəndaşlara belə elanlara etibar etməməyi, naməlum telefon nömrələri ilə əlaqə saxlamamağı tövsiyə edib.
Həmçinin bildirilib ki, bank kartının rekvizitləri, şəxsiyyət vəsiqəsinin məlumatları, SMS vasitəsilə göndərilən təsdiq kodları və digər şəxsi-maliyyə məlumatları heç bir halda üçüncü şəxslərə təqdim edilməməli, eləcə də naməlum şəxslərin tələbi ilə hər hansı ödəniş həyata keçirilməməlidir.
Qeyd olunub ki, hazırda saxta məlumatların yayılması ilə bağlı araşdırma aparılır.