Reklam resmi
Reklam resmi

Azərbaycanda iş saatları DƏYİŞƏ BİLƏR?

Azərbaycanda iş saatları DƏYİŞƏ BİLƏR?
Cəmiyyət

Azərbaycanda 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının Tədbirlər Planında beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin tətbiqinin öyrənilməsi nəzərdə tutulub.

Mövzunu Ajans.az-a şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib ki, hazırkı Əmək Məcəlləsində çevik iş rejimi ilə bağlı ayrıca tənzimləmə mövcud deyil və bu səbəbdən gələcəkdə qanunvericilikdə dəyişikliklərə ehtiyac yarana bilər: 

“Bizim Əmək Məcəlləsində təəssüf ki, bunların heç biri nəzərdə tutulmayıb. Köhnə Əmək Məcəlləsinə əlavələr etməklə bu məsələni tam həll etmək çətin olacaq. Əslində yeni Əmək Məcəlləsi qəbul edilməli, burada müxtəlif iş rejimləri ayrıca tənzimlənməlidir. Məsələn, media orqanlarında, qeyri-hökumət təşkilatlarında və digər sahələrdə əmək münasibətlərinin özünəməxsus xüsusiyyətləri var. Mövcud, postsovet dövründən qalan Əmək Məcəlləsində bunlar əksini tapmayıb”. 

Hüqüqşünas çevik iş vaxtı rejiminin mahiyyətini də izah edib. Onun sözlərinə görə, bu model ənənəvi, sabit iş qrafikindən fərqlənir: 

“Fiks olunmuş iş rejimində işçi, məsələn, saat 09:00-da işə başlayır, 13:00-da nahar fasiləsinə çıxır, 14:00-da işini davam etdirir və saat 18:00-da işi başa vurur. Çevik iş rejimində isə iş vaxtı konkret saatlara bağlanmır. İşçi fəaliyyətinin xüsusiyyətinə uyğun olaraq iş qrafikini daha sərbəst müəyyən edir. Məsələn, jurnalist bir gün səhər saat 08:00-da işə başlaya, digər gün saat 13:00-da işə çıxa və ya axşam saatlarında keçirilən tədbiri işıqlandırmaq üçün fəaliyyət göstərə bilər. Yəni burada əsas prinsip fiks olunmuş iş növbəsi deyil, işin xarakterinə uyğun çevik iş vaxtının təşkili olur”. 

Sahib Məmmədov bildirib ki, çevik iş rejimi dünyanın bir çox ölkəsində geniş tətbiq olunur və iri şirkətlər bu model sayəsində məhsuldarlığın artırılması istiqamətində müsbət nəticələr əldə ediblər. 

Ekspertin sözlərinə görə, özəl sektorda işçilərin əmək hüquqları məhdudlaşdırılmadan çevik iş rejiminin tətbiqi bu gün də mümkündür. Dövlət sektorunda isə bunun üçün ilk növbədə qanunvericilik bazası formalaşdırılmalıdır: 

“Dövlət sektorunda bu sistemi tətbiq etmək üçün əvvəlcə Əmək Məcəlləsinə dəyişiklik edilməli, daha sonra Prezident və ya Nazirlər Kabineti tərəfindən müvafiq normativ hüquqi aktlar qəbul olunmalıdır. Hazırda Tədbirlər Planı çərçivəsində beynəlxalq təcrübə öyrəniləcək. Bundan sonra çevik iş qrafikinin tətbiqi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi gündəmə gələ bilər”. 

Sahib Məmmədov hesab edir ki, bu modelin düzgün hüquqi tənzimlənməsi həm əmək bazarının müasir tələblərə uyğunlaşdırılmasına, həm də müxtəlif sahələrdə iş prosesinin daha səmərəli təşkilinə imkan yarada bilər.

Mələksəda Ziyad

Mövzular:
Məşğulluq Strategiyası çevik iş vaxtı rejimi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Digər Xəbərlər