Türkiyə Rusiya və Ukraynanı yenidən danışıqlar masasına qaytarmaq istəyir
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində fəal fəaliyyətini davam etdirəcəyini bildirib.
Ajans.az xəbər verir ki, Fidan bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Nazir son hadisələrin ciddi narahatlıq doğurduğunu qeyd edərək, diplomatik prosesin zəifləməsi fonunda münaqişənin daha da şiddətləndiyini bildirib.
"Xüsusilə mülki infrastruktur və yaşayış məntəqələrinə hücumların artması bizi narahat edir. Hesab edirik ki, tərəflər mümkün qədər tez danışıqlar masasına qayıtmalı və diplomatik həll yollarını qətiyyətlə axtarmalıdırlar", – deyə Fidan vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna arasında danışıqların bərpası da daxil olmaqla, birbaşa diplomatik təşəbbüslərini davam etdirəcək.
Məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən sosial şəbəkə hesablarında da yayılıb.