Yay gəlsədə Bakıda TIXAC AZALMIR: GÜNAHKAR KİMLƏRDİR?
Bakıda yay mövsümünün başlamasına baxmayaraq, paytaxt küçə və prospektlərində tıxac problemi hələ də aktuallığını qoruyur.
Mövzu ilə bağlı Ajans.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, paytaxtda aparılan genişmiqyaslı tikinti işləri, yol infrastrukturunda həyata keçirilən dəyişikliklər və hərəkət zolaqlarının müvəqqəti məhdudlaşdırılması nəqliyyat axınına ciddi təsir göstərir.
Onun sözlərinə görə, pik saatlarda nəqliyyat axınının düzgün idarə olunmaması da sıxlığın artmasına səbəb olur:
“İri ticarət mərkəzlərinin, alış-veriş, əyləncə və xidmət obyektlərinin əsasən şəhərin mərkəzi hissəsində cəmləşməsi yay aylarında həmin ərazilərə avtomobil axınını daha da artırır. Əvvəlki illərdə olduğu kimi yay aylarında avtomatik olaraq tıxacların azalacağını gözləmək artıq doğru yanaşma deyil. Mövcud sıxlığın yaranmasına yol hərəkətinin idarə olunması ilə bağlı bir sıra problemlər də təsir göstərir. Bəzi yol qovşaqlarında svetoforların iş rejimi real nəqliyyat axınına uyğun tənzimlənmir, yol-nəqliyyat hadisələrindən sonra isə hərəkət operativ şəkildə bərpa olunmur.”
E.Cəfərov bildirib ki, yüngül yol qəzaları zamanı sürücülərin avtomobilləri yolun ortasında saxlayaraq sığorta şirkətinin və ya Dövlət Yol Polisi əməkdaşlarının gəlməsini gözləməsi də tıxacın böyüməsinə səbəb olur:
“Qanunvericilik belə hallarda tərəflərin razılığa gələrək avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkməsinə imkan verir. Buna baxmayaraq, bu praktikadan kifayət qədər istifadə olunmur. Yol kənarında nizamsız dayanma və parklanma da əsas problemlərdən biridir. Bir çox biznes obyektləri, iri ticarət mərkəzləri, bazarlar və supermarketlərin kifayət qədər yeraltı və ya yerüstü parklanma sahəsinə malik olmaması səbəbindən ziyarətçilər avtomobillərini yolun hərəkət hissəsində saxlamağa məcbur qalırlar ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirir.”
Eldəniz Cəfərov bildirib ki, problemin kökündə şəhərsalma sahəsində yol verilən nöqsanlar dayanır:
“Avtomobil yollarının, piyada səkilərinin və hətta yaşayış məhəllələrinin daxilində müxtəlif təyinatlı obyektlərin tikilməsi sonradan həmin ərazilərdə ciddi parklanma və hərəkət problemləri yaradır. Xüsusilə yaşayış massivlərində fəaliyyət göstərən klinika və xəstəxanalara gələnlərin avtomobilləri məhəllədaxili küçələrdə saxlanılır, piyada səkilərini və ya yolun hərəkət hissəsini tutur. Nəticədə həm məhəllə sakinləri, həm də digər hərəkət iştirakçıları əlavə çətinliklərlə üzləşirlər.”
Bununla yanaşı, nəqliyyat eksperti qeyd edib ki, problemin həlli istiqamətində dövlət tərəfindən artıq konkret addımlar atılır:
“2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində yeni yolların salınması, yol şəbəkəsinin optimallaşdırılması və nəqliyyat sisteminin təkmilləşdirilməsi mərhələli şəkildə həyata keçirilir. Bu layihələrin icrası gələcək illərdə paytaxtda tıxacların azalmasına müsbət təsir göstərəcək. Şəhərsalma sahəsində mövcud problemlər aradan qaldırılmadan nəqliyyat sıxlığının tam həllinə nail olmaq çətin olacaq.”
Mələksəda Ziyad