Xəzər sürətlə geri çəkilir: Səviyyə rekord həddə ENİB
Rusiyalı alimlər 1993–2025-ci illəri əhatə edən tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmaya əsasən, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri hər il orta hesabla 10 santimetr azalır.
Ajans.az xəbər verir ki, tədqiqat Rusiya Elm Fondunun (RSF) dəstəyi ilə aparılıb və nəticələri "Yerin Kosmosdan Uzaqdan Zondlanmasının Müasir Problemləri" jurnalında dərc olunub.
Mütəxəssislər bildiriblər ki, son 30 ildə Xəzər dənizinin səviyyəsi təxminən 3 metr aşağı düşüb. Peyk görüntülərinin təhlili əsasında hazırlanan yeni metodologiya su səthinin faktiki itkisinin dəqiq qiymətləndirilməsinə imkan verir və su balansının, eləcə də buxarlanma proseslərinin hesablanmasında istifadə oluna bilər.
Rusiya Elmlər Akademiyasının P. P. Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoyun sözlərinə görə, tədqiqatın əsas məqsədi Xəzər dənizinin və Qara-Boğaz-Göl körfəzinin son onilliklərdə nə qədər kiçildiyini və dayazlaşmanın ən çox hansı ərazilərdə müşahidə olunduğunu müəyyənləşdirmək olub.
Araşdırmanın nəticələrinə görə, 2025-ci ildə Xəzər dənizinin səviyyəsi -29,4 metrə enib. Bu göstərici 1977-ci ildə qeydə alınmış tarixi minimum səviyyədən (-29,0 metr) də aşağıdır.
Alimlər hesablayıblar ki, 1996–2025-ci illər ərzində Xəzər dənizinin səth sahəsi 28 644 kvadrat kilometr azalıb. Bu, dənizin ümumi sahəsinin təxminən 7,4 faizi deməkdir və ölçü etibarilə Albaniyanın ərazisinə bərabərdir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dayazlaşma artıq gəmiçiliyə və sahilyanı yaşayış məntəqələrinə mənfi təsir göstərir. Xüsusilə, Volqa–Xəzər gəmiçilik kanalında və limanlarda suyun səviyyəsinin enməsi nəqliyyatı çətinləşdirib, sahil xətti isə tədricən geri çəkilir.
Proqnozlara görə, XXI əsrin sonunadək Xəzər dənizinin səviyyəsi daha 2–21 metr aşağı düşə bilər.
Bununla yanaşı, peyk altimetriyası məlumatları göstərir ki, son illərdə dayazlaşma prosesi daha da sürətlənib. Belə ki, 2005–2019-cu illərdə dəniz səviyyəsi ildə orta hesabla 8,16 santimetr azalırdısa, bu göstərici 2020–2024-cü illərdə 22,7 santimetrə yüksəlib. Alimlər bunu su balansında baş verən dəyişikliklərlə əlaqələndirirlər.