AIDA ilə IBSA arasında memorandum imzalanıb
İyulun 13-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) prezidenti İlqar Rəhimov ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə IBSA arasında əməkdaşlıq perspektivləri, beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi, gözdən əlillər və görmə məhdudiyyətli şəxslər üçün idman sahəsində inkişaf proqramlarının dəstəklənməsi, eləcə də bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Yalçın Rəfiyev AIDA-nın Azərbaycan Respublikasının beynəlxalq inkişaf əməkdaşlığı sahəsində fəaliyyət göstərən rəsmi qurumu olaraq tərəfdaş ölkələrdə potensialın gücləndirilməsi, insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsinə töhfə verən çoxşaxəli layihələr icra etdiyini qeyd edib. Eyni zamanda, gözdən əlillər və görmə məhdudiyyətli şəxslərin idman sahəsində imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərin AIDA-nın beynəlxalq inkişaf əməkdaşlığı prioritetləri ilə uzlaşdığı vurğulanıb.
Görüşün yekununda AIDA ilə IBSA arasında beynəlxalq inkişaf əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.