Reklam resmi
Reklam resmi

Prezidentin mesajı Azərbaycanın əsas prinsipini ortaya qoydu

Prezidentin mesajı Azərbaycanın əsas prinsipini ortaya qoydu
Siyasət

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Ukrayna ilə bağlı səsləndirdiyi mesajlar Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin növbəti ifadəsi kimi dəyərləndirilir.

Politoloq Elçin Xalidbəyli Ajans.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ukrayna-Rusiya müharibəsində tərəf tutmur və neytral mövqedən çıxış edir. Bununla yanaşı, rəsmi Bakı beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də məhz bu prinsipial mövqenin növbəti dəfə beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından əhəmiyyət daşıyır:

"Azərbaycan dövləti Ukrayna savaşına münasibətdə tərəf tutmur, neytral mövqedən çıxış edir. Ancaq bununla belə, Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Prezident İlham Əliyev də məhz bu önəmli məqamı bir daha bəyan etdi. Bu, onu göstərir ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına həssas yanaşır və həmin normaların müdafiəsini xarici siyasətinin əsas prinsiplərindən biri hesab edir."

Ekspert hesab edir ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstək hər hansı tərəfi seçmək anlamına gəlmir. Əksinə, bu mövqe beynəlxalq hüququn aliliyinə söykənən prinsipial yanaşmanın göstəricisidir:

“Azərbaycan üçün dövlətlərdən daha önəmli olan əsas faktor beynəlxalq hüquqdur. Məhz buna görə də ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi tamamilə beynəlxalq hüquq normalarına uyğun mövqedir və bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər hüquqi və siyasi baxımdan əsaslandırılmış yanaşmadır.

Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə münasibətləri qarşılıqlı maraqlara əsaslanır və bu münasibətlər iki ölkə arasında davam edən müharibə kontekstində formalaşmayıb.

Azərbaycanın Ukrayna ilə münasibətləri Rusiyaya qarşı deyil, eyni zamanda Rusiya ilə münasibətləri də Ukraynaya qarşı deyil. Müharibə RusiyaUkrayna arasında gedir və Azərbaycan bu münaqişəyə qarışmır. Rəsmi Bakı beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və balanslı mövqe nümayiş etdirir."

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi mesajlar Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çevik və balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini bir daha nümayiş etdirir.

Ekspert hesab edir ki, həm Qərb ölkələri, həm də region dövlətləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqeyini diqqətlə izləyirlər. O bildirib ki, hazırkı şəraitdə Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qarşılıqlı hörmət və milli maraqlar əsasında davam etdirməsi ölkənin geniş diplomatik manevr imkanlarına malik olduğunu göstərir.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərinin dəyişmədiyini, rəsmi Bakının beynəlxalq hüququ rəhbər tutaraq balanslaşdırılmış siyasətini davam etdirdiyini bir daha nümayiş etdirib

Mələksəda Ziyad

Mövzular:
Şuşa Qlobal Media Forumu Prezident Ukrayna Rusiya

Digər Xəbərlər