Bu ölkədə yeni EPİDEMİYA: Çoxsaylı ÖLƏNLƏR VAR
Sudanın Qərbi Kordofan əyalətində vəba xəstəliyinin yayılması nəticəsində azı 30 nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi Dar Hamar Təcili Yardım Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, iyunun 20-dən etibarən Qərbi Kordofanın Vad Banda və Ən-Nehud rayonlarında, eləcə də ətraf kəndlərdə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. Məlumata görə, bölgədə indiyədək təxminən 800 yoluxma halı qeydə alınıb və onlardan 30-u ölümlə nəticələnib.
Dar Hamar Təcili Yardım Komitəsi humanitar təşkilatları və səhiyyə qurumlarını bölgəyə təcili olaraq dərman preparatları, venadaxili məhlullar və digər tibbi ləvazimatlar göndərməyə çağırıb.
Eyni zamanda, Sudan Səhiyyə Nazirliyinin iyunun 30-da açıqladığı statistikaya əsasən, Qərbi və Şimali Kordofan əyalətlərində ümumilikdə 911 vəba yoluxması və 127 ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin aprelindən etibarən Sudanda ordu ilə Çevik Müdaxilə Qüvvələri (RSF) arasında davam edən silahlı toqquşmalar ölkədə humanitar vəziyyəti daha da ağırlaşdırıb. BMT-nin məlumatına görə, münaqişə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan əlavə, ölkədə milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir.