ABŞ xəstəxanasında rekord: 17 tibb bacısı eyni vaxtda hamilə qalıb
ABŞ-nin Ohayo ştatında yerləşən Mayami Vadisi Xəstəxanasının doğum şöbəsində çalışan 17 tibb bacısı eyni vaxtda hamilə qalıb.
Ajans.az xəbər verir ki, bu barədə The Mirror nəşri məlumat yayıb.
Bildirilir ki, bununla da xəstəxanada 2019-cu ildə qeydə alınmış 11 hamilə əməkdaş rekordu yenilənib. Sosial şəbəkələrdə yayılan fotoda eyni formada olan tibb bacılarının 12–35 həftəlik hamilə olduqları görünür.
Məlumata görə, hamilə tibb bacıları doğuş zamanı bir-birlərinə dəstək olmağı planlaşdırırlar.
Xəstəxana rəhbərliyi bildirib ki, hamilə əməkdaşların sayının çoxluğu tibbi xidmətin fəaliyyətinə təsir göstərməyəcək. Qeyd olunub ki, doğum şöbəsində ümumilikdə 200-ə yaxın tibb bacısı çalışır və ehtiyat personal da mövcuddur.
Nəşr xatırladır ki, 2025-ci ildə ABŞ-da başqa bir tibb mərkəzində də oxşar hadisə yaşanmış, həmin vaxt 14 tibb işçisi eyni dövrdə hamilə qalmışdı. Bildirilir ki, onlar bütün zəruri tibbi müayinələrini çalışdıqları xəstəxanada keçiblər.