Türkiyə Avropanın ödəniş sisteminə KEÇƏCƏK
Türkiyə Vahid Avro Ödənişlər Bölgəsinə (SEPA) qoşulmaq niyyətində olduğunu bəyan edib. Bu məqsədlə ölkə Avropa Ödənişlər Şurasına (EPC) rəsmi müraciət göndərib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında İstanbulda keçirilən yüksək səviyyəli iqtisadi dialoqdan sonra yayımlanan birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Türkiyənin SEPA sistemində mümkün iştirakı Avropa ilə sərhədyanı ödənişlərin daha sürətli, təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan verəcək, həmçinin Ankara ilə Aİ arasında ticarət və investisiya əlaqələrinin inkişafına töhfə verəcək.
İstanbulda keçirilən görüşə Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis və Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek həmsədrlik ediblər. Tədbirdə, həmçinin Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Birgə bəyanatda vurğulanıb ki, artan geosiyasi gərginlik və qlobal iqtisadi risklər fonunda beynəlxalq tərəfdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sənəddə Türkiyənin Avropa İttifaqına namizəd ölkə və Aİ-nin əsas tərəfdaşlarından biri olduğu qeyd edilib.
Tərəflər, həmçinin bildiriblər ki, Aİ-Türkiyə münasibətlərinin inkişafı qanunun aliliyi, demokratiya, insan hüquqları və media azadlığı prinsiplərinə əsaslanmalıdır. Onların fikrincə, bu prinsiplər iqtisadi etimadın möhkəmləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.