Pensiya yaşı yenidən arta bilər?- VACİB AÇIQLAMA
Azərbaycanda qadınların pensiya yaşının 65-ə çatdırılması ilə yaş üzrə islahatlar başa çatsa da, gələcəkdə yenidən artırılması ehtimalı tam istisna edilmir.
İqtisadçı Eyyub Kərimli Ajans.az-a açıqlamasında bildirib ki, qadınların pensiya yaşının 65-ə çatdırılması ilə yaş üzrə pensiya islahatları hazırda yekunlaşıb və yeni artım məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, mövcud sistemin nəticələrinin qiymətləndirilməsi daha məqsədəuyğundur.
Ekspert hesab edir ki, yaxın perspektivdə pensiya yaşının artırılması üçün ciddi iqtisadi zərurət yoxdur. Lakin gələcəkdə əhalinin qocalması sürətlənər, doğum səviyyəsi azalarsa, işləyənlərin sayı pensiyaçıların sayına nisbətən azalarsa və Pensiya Fonduna əlavə maliyyə yükü yaranarsa, bu məsələ yenidən müzakirə oluna bilər:
“Pensiya yaşının müəyyənləşdirilməsində yalnız orta ömür uzunluğu deyil, insanların sağlam ömür müddəti, əmək qabiliyyəti və iş şəraiti də nəzərə alınmalıdır. Son illər məşğulluğun leqallaşdırılması, əməkhaqlarının və sosial sığorta daxilolmalarının artması Pensiya Fondunun maliyyə dayanıqlığını gücləndirib. Buna görə də hazırkı şəraitdə yalnız maliyyə səbəbi ilə pensiya yaşının artırılmasına ehtiyac görünmür.
E.Kərimli bildirib ki, kişilər üçün də 65 yaş həddinin yaxın illərdə dəyişdirilməsi gözlənilmir. Bu məsələ yalnız gələcəkdə demoqrafik və iqtisadi göstəricilərin ciddi dəyişməsi halında yenidən gündəmə gələ bilər:
“Zərərli əmək şəraitində çalışanlar, sağlamlıq imkanları məhdud şəxslər və uzun illər sosial sığorta haqqı ödəmiş vətəndaşlar üçün erkən pensiya imkanlarının genişləndirilməsi daha məqsədəuyğundur. O vurğulayıb ki, əsas prioritet pensiya yaşını artırmaq deyil, Pensiya Fondunun maliyyə dayanıqlığını qorumaq, məşğulluğu artırmaq və sosial sığorta sistemini genişləndirməkdir.
Mələksəda Ziyad