İsrail ABŞ-ın maliyyə yardımından İMTİNA EDƏCƏK
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsi ABŞ-dən aldığı maliyyə yardımından mərhələli şəkildə imtina etməyi planlaşdırır. Onun sözlərinə görə, İsrail iqtisadiyyatı artıq özünü təmin edəcək qədər güclüdür.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,Netanyahu bu il yardımın dayandırılması prosesinə başlamaq istədiyini bildirib.
"ABŞ-nin yardımını dayandırmaq istəyirəm. Bu, rifah yardımı kimidir. Bizim buna ehtiyacımız yoxdur", – deyə Baş nazir bildirib.
Netanyahu əlavə edib ki, Vaşinqtonun maliyyə dəstəyindən imtina prosesi hələ bu il başlamalıdır.
Xatırladaq ki, iyunun 27-də Politico qəzeti İsrailin ABŞ ilə İrana qarşı həyata keçirilən son birgə hərbi əməliyyatlara baxmayaraq, beynəlxalq arenada artan təcridlə üzləşdiyini yazmışdı. Məlumata görə, ABŞ-ın vitse-prezidenti J.D. Vance İsrailin Vaşinqtonun xüsusi müttəfiqi statusunun artıq avtomatik şəkildə təmin edilmədiyini anlamasının vacibliyini vurğulayıb.
Bundan əvvəl, iyunun 19-da ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə yaxşı münasibətlərə malik olduğunu bildirsə də, onun "ağlı başında qalmasının vacib olduğunu" qeyd etmişdi.