16 il öncə 73 yaşlı qadını öldürən şəxsə hökm oxundu
Rusiyada 16 il öncə pulunu ələ keçirmək məqsədilə 73 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ajans.az APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub, təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib. Müttəhimin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.
X.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Zərərçəkənin hüquqi varisi tərəfindən verilən 13 min manatlıq mülki iddia qismən təmin edilib və ona 5 min manat ödənilməsinə qərar verilib.
Qeyd edək ki, hadisə 2010-cu ildə Rusiyanın Orlov vilayətinin Livni şəhərində baş verib. İttihama görə, təqsirləndirilən Bəkirov Rusiyada yaşadığı dövrdə işlədiyi obyektin 5 600 rubl pulunu müdriyyətin xəbəri olmadan götürüb və qumar oyunlarında uduzub. O, uduzduğu pulu ödəmək məqsədilə həmin ilin noyabr ayında birgə yaşadığı qadının 1937-ci il təvəllüdlü nənəsi Tamara Studennikovanın mənzilinə qanunsuz daxil olub.
Təqsirləndirilən şəxs mənzildə tək olan yaşlı qadına hücum edərək onun baş və bədən nahiyələrinə yumruqla çoxsaylı ağır zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs ağır açıq kəllə-beyin travması alıb.
Bəkirov mənzildən dəyəri 534 rubl (təxminən 13 manat) olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Tamara Studennikova aldığı xəsarətlərdən reanimasiyada vəfat edib.
Hadisədən sonra Rusiya Federasiyasından Azərbaycana qayıdan və uzun müddət istintaqdan gizlənən şəxs məsuliyyətə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 126.3 (sağlamlığa qəsdən ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmə) maddələri ilə yekun ittiham elan olunub.