İran Netanyahuya qarşı sui-qəsd hazırlayıb
İsrailin müdafiə naziri İsrael Katz İranın Baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planlaşdırdığını iddia edib.
Ajans.az xəbər verir ki, Nazir bu barədə İsrailin Kanal 14 telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İran təkcə Netanyahunu deyil, həmçinin digər yüksək vəzifəli İsrail siyasi və hərbi rəsmilərini də hədəfə almağa çalışıb.
Katz bildirib ki, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet (Şabak) bu cəhdlərin qarşısının alınmasında mühüm rol oynayıb.
Nazir həmçinin iddia edib ki, İsrail İranın enerji infrastrukturuna yeni zərbələr endirmək niyyətində olsa da, ABŞ bunun regionda gərginliyi artıracağı və qlobal neft bazarında böhrana səbəb ola biləcəyi narahatlığı ilə bu planı dəstəkləmir.
Katzın sözlərinə görə, ABŞ-ın İranda İsraildən daha geniş maraqları var. O əlavə edib ki, İsrail son iki il ərzində İrana qarşı 35 mindən çox raket və bomba tətbiq edib və zərurət yaranacağı təqdirdə ABŞ-dan asılı olmadan da hərəkət etməyə hazırdır.
İsrail mediasının məlumatına görə, İran tərəfindən mümkün təhlükə səbəbindən Benyamin Netanyahu ABŞ-a səfəri zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında və məxfi şəkildə ölkəni tərk edib.
İran tərəfi isə İsrail rəsmilərinin səsləndirdiyi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.