Tbilisi metrosunda QƏZA: Fəaliyyəti DAYANIB
Gürcüstanda iyulun 24-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə səhər saatlarında Tbilisi və regionların bəzi hissələrində elektrik enerjisinin verilməsi qısa müddətə dayandırılıb.
Ajans.az xəbər verir ki, nəticədə Tbilisi metrosunun fəaliyyəti müvəqqəti dayanıb, Gürcüstan Dəmir Yolları da qatarların hərəkətində gecikmələrin yarandığını açıqlayıb.
Bildirilib ki, hazırda bərpa işləri davam etdirilir və ölkə üzrə elektrik təchizatının tam bərpası qısa müddətdə başa çatdırılacaq.
Eyni zamanda, qəzanın dəqiq səbəblərinin araşdırıldığı da vurğulanıb.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə saat 01:00 radələrində Tbilisi və Gürcüstanın əksər bölgələrində enerji sistemində baş vermiş qəza nəticəsində elektrik və telekommunikasiya şəbəkələrinin fəaliyyətində genişmiqyaslı fasilələr yaranmışdı. Hadisənin səbəblərinin araşdırılması üçün Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) xüsusi araşdırmaya başlayıb.