Bu ölkədə yeni xəstəlik: ÖLƏNLƏR VAR
ABŞ-nin Nyu-York şəhərində Legioner xəstəliyinin yayılması ilə əlaqədar daha bir ölüm faktı qeydə alınıb. Bununla da virusdan deyil, bakterial infeksiyadan qaynaqlanan xəstəlik nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Ajans.az Nyu-York Şəhər Səhiyyə Departamentinə istinadən xəbər verir ki, Manhettenin Yuxarı Şərq bölgəsində indiyədək 72 yoluxma halı təsdiqlənib. İlk ölüm cümə günü, ikinci ölüm isə şənbə günü qeydə alınıb.
Şəhərin səhiyyə komissarı doktor Alistair F. Martin hadisəni böyük faciə adlandıraraq həlak olanların ailələrinə başsağlığı verib.
Legioner xəstəliyi Legionella bakteriyasının törətdiyi ağır sətəlcəm növüdür. Bakteriya əsasən isti və durğun suda çoxalır. Belə hallarda mütəxəssislər ilk növbədə iri binaların kondisioner sistemlərindəki soyutma qüllələrini yoxlayırlar, çünki onlar infeksiya mənbəyi ola bilər.
Səhiyyə Departamenti Legionella bakteriyası aşkarlanan binaların sahiblərinə soyutma sistemlərini boşaltmaq, dezinfeksiya etmək və yenidən emal etmək barədə göstəriş verib.
Hazırda epidemiyanın dəqiq mənbəyi müəyyən edilməsə də, rəsmilər yeni yoluxma hallarının azalmaqda olduğunu bildirirlər. Onların fikrincə, bu, infeksiyanın əsas mənbəyinin artıq aradan qaldırıldığını göstərə bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, Legioner xəstəliyi antibiotiklərlə müalicə olunsa da, yoluxanların təxminən 10 faizi xəstəliyin ağırlaşmaları nəticəsində həyatını itirir.
Qeyd edək ki, ötən il Nyu-Yorkun Harlem məhəlləsində baş vermiş Legioner xəstəliyi epidemiyası zamanı 100-dən çox insan yoluxmuş, yeddi nəfər isə vəfat etmişdi.