Avropa Komissiyası Rusiya ilə bağlı qərarını yenidən nəzərdən keçirir
Avropa Komissiyası (AK) Yunanıstanın mövqeyini nəzərə alaraq Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiya paketinin bəzi müddəalarını yenidən nəzərdən keçirə bilər.
Ajans.az xəbər verir ki, bu barədə Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Avropa Komissiyası sanksiyalar paketi ilə bağlı üzv ölkələr arasında razılıq əldə etməyə çalışır. Lakin Yunanıstanın etirazı göstərir ki, bəzi məhdudiyyətlər artıq Avropa İttifaqının iqtisadi maraqları ilə ziddiyyət təşkil edir.
"Biz bu vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Yunanıstanla bağlı yaranmış vəziyyət göstərir ki, artıq bəzi əsas Avropa maraqları ilə toqquşmağa başlayırıq", – deyə avropalı diplomat bildirib.
Bundan əvvəl Financial Times yazmışdı ki, Yunanıstan Rusiyaya qarşı yeni sanksiyaların bəzi bəndlərinə etiraz edir. Afina hesab edir ki, Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın daşınmasına qadağa qoyulması Yunanıstanın Dynagas gəmiçilik şirkətinə ciddi zərər vura bilər.
Məlumata görə, Almaniya və Portuqaliya da öz emal müəssisələrinin maraqlarını əsas gətirərək Rusiya balıq məhsullarına tətbiq olunacaq məhdudiyyətlərin yumşaldılmasını istəyirlər.
Eyni zamanda, Fransa və İtaliyanın Rusiya vətəndaşları üçün viza siyasətinin yumşaldılmasının tərəfdarı olduğu bildirilir. Avstriya isə Rusiyanın Raiffeisen Bankı ilə əlaqəli aktivlərə tətbiq edilən dondurulma qərarının ləğvini yenidən gündəmə gətirib.