Dünya Kuboku finalının ilk fasilə şousu TƏNQİD OLUNDU
2026-cı il FIFA Dünya Kubokunun finalı çərçivəsində təşkil olunan tarixdə ilk fasilə şousu gözləntiləri doğrultmayıb. Page Six nəşrinin yazdığına görə, Castin Biber, Madonna, BTS, Şakira və digər dünya ulduzlarının çıxış etdiyi proqram həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən mənfi qarşılanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersi ştatındakı MetLife stadionunda keçirilən şouya Coldplay qrupunun solisti Kris Martin rəhbərlik edib. Lakin ulduzlarla zəngin heyətə baxmayaraq, proqram ardıcıllığın pozulması, uğursuz keçidlər və ümumi konsepsiyanın zəifliyi səbəbindən "xaotik" və "uyğunsuz" kimi qiymətləndirilib.
Şouya Madonna "Music" mahnısı ilə başlayıb. Daha sonra səhnədə The Muppet Show-un məşhur personajı Animal The White Stripes qrupunun "Seven Nation Army" mahnısını ifa edib. Ardınca BTS "Dynamite" mahnısını səsləndirib.
Sonra aktyor Ceyson Sudeykis "Ted Lasso" obrazında səhnəyə çıxaraq Castin Biberi təqdim edib. Müğənni akustik gitara müşayiəti ilə çıxış etsə də, bir sıra izləyicilər bunun şounun tempini aşağı saldığını qeyd ediblər.
Proqramın sonunda Şakira Burna Boy ilə birlikdə çıxış edərək rəqsləri və enerjili performansı ilə tamaşaçıları coşdurmağa çalışıb.
Bu, FIFA Dünya Kuboku tarixində keçirilən ilk rəsmi fasilə şousu olub. Tədbir FIFA Qlobal Vətəndaş Təhsili Fonduna dəstək məqsədi daşıyıb və dünyada uşaqlar üçün təhsil və futbol layihələrinə 100 milyon ABŞ dolları toplamaq hədəfini qarşıya qoyub. Bildirilir ki, artıq 50 milyon dollardan çox vəsait toplanıb.
Layihənin təşəbbüskarlarından olan Kris Martin şounun əsas məqsədinin müxtəlifliyi və birliyi nümayiş etdirmək olduğunu bildirib. Bununla belə, sosial şəbəkələrdə və mediada yayılan rəylərin əksəriyyətində qeyd olunub ki, final matçının özü musiqili proqramdan daha böyük maraq doğurub.