2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 135 min 640,89 ton tomat ixrac olunub.
Ajans.az Ajans.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-may və yanvar-iyun ayları üzrə açıqladığı xarici ticarət statistikasının müqayisəsindən məlum olub.
Belə ki, 2026-cı ilin ilk beş ayında ölkədən 97 min 927,08 ton tomat ixrac edilmişdisə, ilk altı ayın yekununda bu göstərici 135 min 640,89 tona yüksəlib. Hesablamalara əsasən, təkcə iyun ayında ixrac olunan tomatın həcmi 37 min 713,81 ton təşkil edib.
Dəyər ifadəsində də artım qeydə alınıb. Yanvar-may aylarında ixrac edilən tomatın statistik dəyəri 119 milyon 820 min 900 ABŞ dolları olduğu halda, yanvar-iyun aylarının yekununda bu rəqəm 163 milyon 847 min 240 ABŞ dollarına çatıb. Beləliklə, iyun ayında 44 milyon 26 min 340 ABŞ dolları dəyərində tomat ixrac edilib.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, yanvar-iyun aylarında tomat ixracı Azərbaycanın ümumi ixracının 1 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 2,95 faizini təşkil edib. Yanvar-may aylarında isə bu göstəricilər müvafiq olaraq 0,86 faiz və 2,33 faiz olub.