Aya Sofiyada İncil oxuyan rus turistlər saxlanıldı
Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofiya məscidində İncil oxuyan iki Rusiya vətəndaşı saxlanılıb.
Ajans.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, tətil üçün Türkiyəyə gələn 32 yaşlı İqor və 35 yaşlı Viktoriya Aya Sofiyanı ziyarət edərkən kişi özü ilə gətirdiyi İncili oxumağa başlayıb. Bundan sonra cütlük təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq əvvəlcə məscidin inzibati hissəsinə, daha sonra isə Fatih rayon polis idarəsinə aparılıb.
İqor bildirib ki, polis onların şəxsi əşyalarını götürüb, sənədləşmə aparıb və sonrakı talelərinin müəyyən ediləcəyini deyib.
"Bizi otelə qaytarmırlar. Ayaqqabı bağlarımı götürüblər, barmaq izlərimi götürmək istəyirlər. Burada rus dilində danışan heç kim yoxdur. Nə edəcəyimizi və kimə müraciət edəcəyimizi bilmirik", – deyə o bildirib.
Məlumata görə, daha sonra cütlük deportasiya mərkəzinə göndərilib. Rusiyanın İstanbuldakı Baş Konsulluğu hadisədən xəbərdar olduğunu və məsələni araşdırdığını açıqlayıb.
Polisin hazırladığı protokolda Viktoriya İncilin məsciddə oxunmasının qadağan olunduğunu bilmədiyini bildirib. Onun sözlərinə görə, kitabı əsasən həyat yoldaşı oxuyub, özü isə yalnız ara-sıra mətnə baxıb.
Türkiyə hüquq-mühafizə orqanları cütlüyün ölkənin Cinayət Məcəlləsinin 216-cı maddəsini – nifrət və düşmənçiliyin qızışdırılması, eləcə də dini dəyərlərin açıq şəkildə təhqir olunması ilə bağlı müddəalarını pozduğundan şübhələnir. Həmin maddəyə əsasən, təqsiri sübuta yetirilən şəxsləri bir ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.