Yolda mal-qara otaranlar CƏRİMƏLƏNƏCƏK
Azərbaycanın İnzibati Xətalar Məcəlləsində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması və yol infrastrukturunun qorunması məqsədilə bir sıra qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur.
Ajans.az xəbər verir ki, bununla bağlı qanunvericilikdə 30 manatdan 4000 manatadək cərimələr yer alıb.
Məcəlləyə əsasən, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilmiş yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə inzibati cərimə tətbiq edilir.
Eyni zamanda, avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, yolun təhkim və mühafizə zolaqlarında torpağın şumlanmasına, çimin çıxarılmasına, qruntun götürülməsinə və həmin ərazilərdə otların biçilməsinə görə də məsuliyyət nəzərdə tutulur.
Bu hallarda fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, yollara və ya yol qurğularına tullantı atılmasına, eləcə də nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə də inzibati məsuliyyət müəyyən olunub.
Belə ki, bu qaydanı pozan fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə edilir.