Bu ölkədə təyyarəyə SİLAHLI HÜCUM: Pilot ÖLDÜ
İndoneziyanın şərqində yerləşən Papua əyalətində naməlum şəxslər eniş etdikdən sonra təyyarəyə od vurublar. Hadisə nəticəsində ABŞ vətəndaşı olan pilot həlak olub.
Ajans.az xəbər verir ki,bu barədə Jakarta Globe qəzeti İndoneziya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, yerli PT AMA aviaşirkətinə məxsus təyyarə Vamena hava limanından havaya qalxaraq göyərtəsində yeddi sərnişin və bir ekipaj üzvü ilə Jayawijaya rayonundakı uçuş-enmə zolağına eniş edib.
Pilot enişin uğurla başa çatdığını dispetçerlərə bildirdikdən qısa müddət sonra təyyarə ilə əlaqə kəsilib. Bir qədər sonra isə səlahiyyətli orqanlara eniş meydançasında yanğın baş verməsi barədə məlumat daxil olub.
İndoneziya Nəqliyyat Nazirliyi pilot, ABŞ vətəndaşı Nikolas Qosselinin öldüyünü təsdiqləyib. Bildirilib ki, hadisənin başvermə səbəbləri araşdırılır.