Bu dağ göy üzünə qızıl püskürür
Antarktidanın dondurucu soyuğunun tən ortasında elm dünyasını heyrətə gətirən qeyri-adi bir təbiət hadisəsi baş verir.
Ajans.az xəbər verir ki, qitənin ən yüksək aktiv vulkanı olan, 3 min 794 metr hündürlükdəki Erebus vulkanı onilliklərdir zirvəsində qaynayan nəhəng lava gölü ilə tanınır. Lakin son araşdırmalar bu vulkanı digərlərindən tamamilə fərqləndirən və dəyəri milyardlarla ölçülən unikal bir xüsusiyyətini üzə çıxarıb: Erebus səmaya qızıl püskürür.
Alimlərin vulkandan yüksələn qaz buludları üzərində apardıqları analizlər maqmadan gələn buxarla birlikdə adi gözlə görünməyən mikroskobik qızıl kristallarının havaya yayıldığını sübut edib. Hesablamalara görə, vulkan hər gün atmosferə orta hesabla 80 qram qızıl tozu saçır. Günlük dəyəri təxminən 6 min dollar olan bu qiymətli metal güclü küləklərin təsiri ilə vulkanın ətrafına, hətta 1000 kilometr uzaqlıqdakı ərazilərə qədər yayılır.
Mütəxəssislər digər aktiv vulkanlarda rast gəlinməyən bu nadir hadisənin Erebusun özünəməxsus sakit geoloji quruluşu ilə bağlı olduğunu bildirirlər. Şiddətli və qəfil partlayışlar baş verən vulkanlarda qazlar çox sürətlə hərəkət etdiyi üçün metalın kristallaşması prosesi getmir. Erebusda isə qaz və buxar yavaş-yavaş, sabit şəkildə xaric olduğu üçün tərkibindəki metalların soyuyaraq təmiz qızıl zərrəciklərinə çevrilməsinə tam şərait yaranır. Beləliklə, Erebus həm geoloji zənginliyi, həm də buzlar altındakı ekosistemi ilə elm adamları üçün unikal bir laboratoriya rolunu oynayır.(metbuat.az)