Səyahət etmək istəyənlərə AZAL-dan ŞAD XƏBƏR
Yay mövsümünün gəlişi isti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlər həm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli “getaway” səfərləri üçün müxtəlif istiqamətlərə üstünlük verirlər. Aralıq dənizi kurortlarından Avropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlar və fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.
Ajans.az xəbər verir ki, yay mövsümündə artan səyahət
marağını nəzərə alan Azərbaycan Hava Yolları (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reys proqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunan dəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərə daha çevik və rahat səyahət planlaması imkanı yaradır.Dəniz və resort istiqamətlərinə üstünlük verən
səyahətçilər
Yay mövsümü əksər insanlar üçün günəşli çimərliklər,
isti qum və rahat istirahət deməkdir. Tətil planlarını öncədən quran sərnişinlər
bu mövsümdə daha çox dəniz kurortları və resort istiqamətlərinə maraq göstərirlər.
Müxtəlif büdcələrə uyğun səyahət seçimlərinin mövcud olması isə yay tətilini
daha əlçatan edir.
Azərbaycanın milli aviadaşıyıcısı yay
mövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətin
marşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər və
vizasız marşrutlar xüsusi yer tutur.
Antalya, Batumi, Trabzon və İzmir kimi yay
istirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhur
kurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləri
də sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yay
mövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də Misirin
Al-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər
28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərə
yay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan Hava Yollarının
2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin)
reysləri sərnişinlərin ailəvi istirahət, “all-inclusive” tətil və çimərlik təcrübəsi
üçün marşrut seçimini daha da genişləndirir.
Mövsüm ərzində sözügedən şəhərlərə həyata
keçiriləcək reyslərin sayı aşağıdakı kimidir:
•
Bodrum və Dalaman – həftədə 7 reys
•
Adana – həftədə 3 reys
Antalya şəhəri isə milli aviadaşıyıcının bu
yay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir.
Belə ki, Bakı–Antalya–Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Şəhər turizmi üçün seçilən istiqamətlər
Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhər
turizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona,
Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlər
tarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlki
sezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyata
keçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.
Bu istiqamətlər, eyni zamanda tək səyahət
(“solo trip”), qısa müddətli şəhər səfərləri və “city-break” planlayan sərnişinlər
tərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları,
canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ən
populyar səyahət istiqamətlərindən birinə çevirir.
Yayın ruhunu hiss etdirən təbiət marşrutları
Son illərin səyahət tendensiyaları göstərir
ki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraq
təbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətləri
və təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərin
diqqətini cəlb edir.
AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinə
daxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi və
Batumi kimi istiqamətlər eko-turizm, yürüş (“hiking”) və açıq hava (“outdoor”)
fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı–Tbilisi–Bakı
marşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalq
istiqamət olacaq.
Bununla yanaşı, Azərbaycan Hava Yollarının
Qazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verən
səyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindən
etibarən həftədə 3 dəfə həyata keçirilir.
Şərqin rəngləri və ekzotik marşrutlar
Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrini
kəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabad
kimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.
İstər dəniz sahillərində rahat istirahət,
istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşf
etmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələr
və unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə geniş
marşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlif
istiqamətlərində qarşılamaq imkanı yaradır.
Yay sezonu üzrə reys cədvəli və biletlər
haqqında ətraflı məlumatı aviaşirkətin rəsmi veb
səhifəsi və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidməti