Rusiyada YENİLİK: Doğuş zamanı VR eynəklərindən istifadə edəcəklər
Dünya
Rusiyada doğuş prosesində sancıların yüngülləşdirilməsi üçün virtual reallıq (VR) eynəklərindən istifadə yeni relaksasiya üsulu kimi tətbiq olunmağa başlayıb.
Ajans.az “Baza” nəşrinin Telegram kanalına istinadən xəbər verir ki, yeni texnologiya doğuş zamanı qadınlarda ağrı və stressi azaltmaq məqsədi daşıyır.
Gələcək analara VR eynəklər vasitəsilə dəniz, meşə və digər təbiət mənzərələri nümayiş etdirilir. Proqrama eyni zamanda səs meditasiyaları, nəfəs məşqləri və hipnoterapiya elementləri də daxil edilib. Mütəxəssislər bunun qadının diqqətini ağrıdan yayındıraraq daha rahat doğuş təcrübəsi yaratdığını bildirirlər.
Məlumata görə, bu üsul artıq Rusiyanın Tomsk şəhərində tətbiq olunub. Semaşko doğum evi texnologiyanı rəsmi olaraq istifadəyə götürərək xəstələrə dərmansız ağrıkəsici alternativ kimi təklif etməyə başlayıb. VR eynəkləri xüsusilə epidural anesteziya tətbiq oluna bilməyən hallarda alternativ metod kimi nəzərdən keçirilir.
Doğuş zamanı VR eynəklərindən istifadə edən qadınlardan biri bildirib ki, ona xidmət pulsuz təqdim olunub. Onun sözlərinə görə, sancılar zamanı “okeanda dalğıclıq” və sualtı dünyanı izləmək təcrübəsi diqqətini ağrıdan yayındırmağa kömək edib və təxminən 30 dəqiqə istifadə kifayət edib.
Bununla belə, bəzi hamilə qadınlar bu texnologiya ilə bağlı narazılıq da bildiriblər. Əsas iradlar cihazın uzun müddət istifadədə narahatlıq yaratması, üz və burun nahiyəsinə təzyiq göstərməsi ilə bağlıdır.