Rusiyada bu qanun BƏRPA EDİLƏ BİLƏR
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin yeniyetmələr arasında cinayətkarlıq mövzusundan danışarkən, rəhbərlik etdiyi qurumun bəzi cinayətlər üzrə məsuliyyət yaşının 12 yaşa endirilməsini nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb.
Ajans.az xəbər verir ki, o, layihənin məqsədinin uşaqların internet vasitəsilə cinayət fəaliyyətinə cəlb edilməsinin qarşısını almaq olduğu iddia edib.
“Cinayət məsuliyyəti yaşının 12-yə endirilməsi ilə bağlı təklif vermişdik, amma bununla razılaşmadılar. Bir tərəfdən də, hələ tam yetkin olmurlar, digər tərəfdən isə bizim dövrümüzlə müqayisədə daha tez böyüyürlər. Artıq 12-13 yaşlarında cinayətlər törədirlər, amma cinayət məsuliyyəti yaşına çatmadıqları üçün cəzasız qalırlar”, - Bastrıkin bildirib.
İosif Stalin dövründə keçmiş SSRİ-də cinayət məsuliyyəti üzrə minimum yaş 12 idi, bu norma 1958-ci ilə qədər qüvvədə qalmışdı. Yaş həddinin ən ciddi şəkildə aşağı salınması 1935-ci ildə evsiz uşaqların sayının və yeniyetmələr arasında cinayətkarlığın artması fonunda baş vermişdi.