İtaliya və Fransa bu ölkə üçün KOALİSİYA BİRLƏŞƏCƏK
İtaliya və Fransa BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra ölkəni dəstəkləmək məqsədilə beynəlxalq koalisiya yaratmaq barədə razılığa gəliblər.
Ajans.az xəbər verir ki, bu barədə TASS agentliyinin məlumatına görə, İtaliyanın Baş naziri Corcia Meloni Fransanın Antib şəhərində keçirilən İtaliya–Fransa hökumətlərarası sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Sammitdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edib.
Meloninin sözlərinə görə, UNIFIL missiyasının mandatı ilin sonunda başa çatacaq. Bu səbəbdən tərəflər Livanın dəstəklənməsi və UNIFIL-dən sonrakı dövr üçün fəaliyyət planının hazırlanması barədə razılıq əldə ediblər.
Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Livandakı vəziyyətə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır.
Onun sözlərinə görə, əsas məqsəd regionda təhlükəsizliyi təmin etmək və Livan dövlətinin ölkə ərazisi üzərində tam nəzarətini gücləndirməkdir.
Meloni vurğulayıb ki, İtaliya və Fransa uzun illərdir Livanda fəaliyyət göstərir və bu səbəbdən yeni beynəlxalq missiyada aparıcı rol oynamaları təbii hesab olunur. O əlavə edib ki, gələcək mandat daha aydın və strukturlaşdırılmış olmalıdır.