Putin təhlükəsi fonunda diqqətçəkən HAZIRLIQ
Finlandiyanın paytaxtı Helsinkinin altında fövqəladə hallar, o cümlədən mümkün hərbi münaqişə və ya nüvə təhlükəsi zamanı əhalinin qorunması üçün nəzərdə tutulmuş geniş yeraltı sığınacaq şəbəkəsi fəaliyyət göstərir.
Ajans.az xəbər verir ki, bu barədə "The Times" qəzeti "Əgər Putin Finlandiyaya hücum edərsə, nüvə sığınacaqları hazırdır – onların üzgüçülük hovuzları və uşaq oyun meydançaları var" başlıqlı məqaləsində məlumat yayıb.
Nəşrin yazdığına görə, Helsinkinin altında təxminən 5 500 yeraltı obyekt yerləşir və onlar ümumilikdə 1 milyona yaxın insanı qəbul etmək imkanına malikdir. Bu obyektlərin əksəriyyəti ikili təyinat prinsipi ilə inşa edilib. Belə ki, dinc dövrdə onlar idman və ictimai məkan kimi fəaliyyət göstərir, fövqəladə vəziyyət zamanı isə qısa müddətdə mühafizə sığınacağına çevrilə bilir.
Yeraltı infrastrukturda uşaq oyun otaqları, idman zalları, üzgüçülük hovuzları, dırmanma divarları, buz meydançaları, kartinq trasları və musiqi qrupları üçün məşq otaqları mövcuddur. Ən böyük sığınacaqlar isə müstəqil enerji və su təchizatı sistemləri ilə təmin olunub.
Helsinki Şəhər Xilasetmə Xidmətinin nümayəndəsi Yukka-Pekka Şröderus bildirib ki, bu obyektlərin gündəlik istifadəsi onların daim işlək vəziyyətdə saxlanılmasına kömək edir. Onun sözlərinə görə, sakinlərin, o cümlədən uşaqların bu məkanlara əvvəlcədən alışması da fövqəladə hallara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, nəşr vurğulayır ki, sığınacaqların mövcudluğu vətəndaşları şəxsi hazırlıq məsuliyyətindən azad etmir. Finlandiya sakinlərinə ən azı üç günlük su, ərzaq, dərman və rabitə vasitələri ehtiyatı saxlamaq tövsiyə olunur.
Məqalədə qeyd edilir ki, bu sistem mümkün hərbi hücum da daxil olmaqla müxtəlif böhran ssenariləri zamanı ölkənin mülki müdafiə strategiyasının mühüm elementlərindən biri hesab olunur.