Trampdan Konqresə SƏRT TƏLƏB: 350 milyard dollar dərhal təsdiqlənsin!
ABŞ Prezidenti Donald Tramp Konqresi 350 milyard dollarlıq müdafiə büdcəsini prioritet qaydada təsdiqləməyə çağırıb. O, bununla bağlı Truth Social sosial şəbəkəsində paylaşım edib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə ABŞ Silahlı Qüvvələri hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır.
"Amerika ordusu heç vaxt indiki qədər güclü olmayıb. Heç bir ölkə bizim bacardıqlarımızı edə bilməz. Bu il hərbi xidmətə qəbul üzrə tarixi rekordlar vaxtından əvvəl qırılıb. Orduda ruh yüksəkliyi də indiyədək görünməmiş səviyyədədir", – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ ordusunun gücü ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirlər zamanı bütün dünyaya nümayiş etdirilib. Tramp həmçinin Müdafiə Nazirliyinin də tarixinin ən güclü mərhələlərindən birini yaşadığını iddia edib.
ABŞ prezidenti Konqresi qanunvericilik fəaliyyətini bərpa etdikdən sonra 350 milyard dollarlıq müdafiə büdcəsini əsas prioritet kimi nəzərdən keçirməyə çağırıb. O, Nümayəndələr Palatası və Senat rəhbərliyindən büdcə layihəsinin qısa müddətdə müvafiq komitədən keçirilməsini istəyib.
Bununla yanaşı, Tramp "Save America Act" ("Amerikanı Xilas Et" Qanunu) adlı qanun layihəsinin də təcili qəbul edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu addımlar ABŞ-ın milli təhlükəsizliyinin möhkəmləndirilməsinə və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.