AZAL-dan sevindiricə XƏBƏR- Yeni fürsətlər
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb
Bununla bağlı Ajans.az-a AZAL-dan məlumat verilib.
7 iyul 2026-cı il, Bakı – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib. Tədbirdə iştirakçılar şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf və gələcək karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Bu
il çoxmərhələli seçim prosesini uğurla tamamlayan 100 tələbə Azərbaycan Hava
Yollarının müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə
müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki
bilik və bacarıqlar əldə edəcək, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə
yaxından tanış olacaqlar.
Azərbaycan
Hava Yolları üçün Yay Təcrübə Proqramı yalnız tələbələr üçün təcrübə imkanı
deyil, həm də şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına yönəlmiş
uzunmüddətli inkişaf platformasıdır. Bu məqsədlə milli aviadaşıyıcı uzun illərdir
ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir, tələbələrin nəzəri
biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar
qazanmalarına və gələcək karyeralarını aviasiya sahəsində qurmasına dəstək
verir.
Bu
istiqamətdə Azərbaycan Hava Yolları ilə Milli Aviasiya Akademiyası arasında
formalaşmış uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2023 - 2025-ci
illər ərzində proqram çərçivəsində Akademiyanın 300-dən çox tələbəsi müxtəlif
struktur bölmələrində təcrübə keçib. Onlardan 60 nəfəri proqramı uğurla başa
vurduqdan sonra Azərbaycan Hava Yollarında daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini
şirkətdə davam etdirir.
Son
illərdə proqrama maraq da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü illə
müqayisədə cari ildə müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə
çatıb. Bu göstərici gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda Azərbaycan
Hava Yollarının etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma
kimi mövqeyinin daha da gücləndiyini göstərir.
Qeyd
edək ki, bu il seçilmiş tələbələr arasında əsasən Kompüter mühəndisliyi, Aviasiya
və aerokosmik mühəndislik kimi texniki ixtisaslar üzrə təhsil alan gənclər
üstünlük təşkil edir. Bu, Azərbaycan Hava Yollarının strateji inkişaf
prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması istiqamətində
həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti