ABŞ-də sərnişin təyyarəsində TƏHLÜKƏ: Eniş zamanı...
ABŞ-də Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çikaqodakı Midway Beynəlxalq Hava Limanına eniş edərkən atəşfəşanlığın təsirinə məruz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Hadisə iyulun 4-də ABŞ-nin Müstəqillik Günü qeyd edilərkən baş verib. Məlumata görə, hava limanının yaxınlığında yaşayan sakinlər gecə boyu intensiv atəşfəşanlıq edildiyini bildiriblər. Yerli sakin Kristina Bernabenin sözlərinə görə, hər dəqiqə təxminən 20 atəşfəşanlıq atılırdı.
DePaul Universitetinin nəqliyyat və aviasiya üzrə eksperti Co Şviterman bildirib ki, uzun illər aviasiya sahəsində çalışmasına baxmayaraq, indiyədək buna bənzər hadisə ilə rastlaşmayıb.
"Bütün həyatım boyu aviasiya ilə məşğul olmuşam. Quşlarla toqquşmadan tutmuş müxtəlif təhlükələrə qədər çox şey görmüşəm, amma heç vaxt atəşfəşanlığın təyyarəyə bu qədər yaxın olduğu hadisənin şahidi olmamışam", – deyə ekspert qeyd edib.
Şviterman əlavə edib ki, hüquq-mühafizə orqanlarının atəşfəşanlığı təşkil edən şəxsləri müəyyən edərək məsuliyyətə cəlb edəcəyini gözləyir.
Delta Air Lines şirkətinin məlumatına görə, Airbus A319 tipli təyyarə təhlükəsiz şəkildə eniş edib və dayanacağa çatdırılıb. Təyyarənin göyərtəsində 52 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin təyyarənin xarici örtüyünə ziyan dəyib.