Bu ölkələrlə viza LƏĞV OLUNDU- turizmə necə təsir edəcək?
Yaponiya və Cənubi Koreya vətəndaşları üçün vizanın ləğvi Azərbaycana turist axınının artmasına müsbət təsir göstərə bilər. Yaponiya və Cənubi Koreya vətəndaşları üçün vizanın ləğvi Azərbaycana turist axınının artmasına müsbət təsir göstərə bilər.
Turizm eksperti Ceyhun Aşurov Ajans.az-a açıqlamasında bildirib ki, Azərbaycanda doqquz beynəlxalq hava limanı fəaliyyət göstərsə də, turistlərin ölkəyə gəlişində əsas maneə yüksək nəqliyyat xərcləridir.
Onun sözlərinə görə, strateji dönüş nöqtəsi Azərbaycanın beynəlxalq hava limanlarının daha səmərəli çalışdığı zaman olacaqdır:
“Bu gün Azərbaycana turist axınının az olmasının əsas səbəbi otel və restoran qiymətləri deyil, ölkəyə gəlməyin baha başa gəlməsidir. Tur paketlərində nəqliyyat xərcləri 40-50 faizə çatır. Halbuki bu göstərici normalda 30 faizdən, bəzi ölkələrdə isə 20-25 faizdən çox olmur.”
C.Aşurov qeyd edib ki, Azərbaycandan Yaponiya və Cənubi Koreyaya səfər edənlərin sayı hələlik yüksək deyil:
“2025-ci ildə Azərbaycandan Yaponiyaya təxminən 300, Cənubi Koreyaya isə 260-270 nəfər səfər edib. Bununla yanaşı, hər iki ölkədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Belə ki, 2024-cü ildə Yaponiyadan 3 800, 2025-ci ildə isə 4 800 nəfər Azərbaycana gəlib. Cənubi Koreyadan gələnlərin sayı isə 2024-cü ildə 15 min, 2025-ci ildə 16 min nəfər təşkil edib.”
Ekspert hesab edir ki, vizanın ləğvi qrup turlarının sayını artıracaq. Bunun üçün isə birbaşa uçuşların təşkili, əlverişli aviareyslər və münasib qiymətlər həlledici rol oynayacaq:
“Viza tələbinin aradan qaldırılması ölkəyə səfəri asanlaşdıran amillərdən biridir. İnsanlar maneələrin az olduğu, rahat və əlverişli istiqamətlərə üstünlük verirlər. Yaponiya və Cənubi Koreya da əsasən qrup halında səyahət edən ölkələrdir.”
C.Aşurov xatırladıb ki, pandemiyadan əvvəl hər iki ölkədən Azərbaycana gələn turistlərin sayında artım tendensiyası mövcud idi. 2019-cu ildə Yaponiyadan 6 mindən, Cənubi Koreyadan isə 9 400-dən çox turist Azərbaycana səfər etmişdi.
Mələksəda Ziyad