Uşaq qidalarında CİDDİ NÖQSAN
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb.
Ajans.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, hər bir istehlakçı məhsulu alarkən mütləq onun qablaşdırılmasına, etiketlənməsinə və etiket üzərindəki məlumatlara diqqət yetirməlidir:
"Mən də fürsətdən istifadə edərək həmvətənlərimizə müraciət edirəm ki, bu sahədə daha fəal olsunlar. Bu, bilavasitə məhsulların satış məntəqələrində və istehsal yerlərində bütün standartlara uyğun qablaşdırılmasına, etiketlənməsinə və markalanmasına da müsbət təsir göstərir. Aparılan ekspertizalar zamanı, adını çəkdiyiniz məhsullar da daxil olmaqla, bir sıra qida məhsullarında etiket üzərində göstərilən məlumatlarla məhsulun faktiki göstəriciləri arasında uyğunsuzluqlar aşkar edirik. Bu, təbii ki, istehlakçı hüquqlarının pozulması deməkdir və belə hallarda həmin məhsullarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bu cür hallara həm idxal olunan, həm də yerli istehsal edilən məhsullar arasında rast gəlinir. Bu günə qədər Agentliyə uşaq qidaları ilə bağlı 150-yə yaxın şikayət daxil olub. Onlardan 9-u öz təsdiqini tapıb. Bu müraciətlər əsasən müxtəlif uyğunsuzluqlarla bağlı olub. Nəticədə Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb. Bunun 2 568 kiloqramı Türkiyədən, 2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal olunan uşaq qidaları olub. Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib".
Mövzular: