Özünü Serkan Bolat kimi təqdim edən şəxs HƏBS EDİLDİ
Dünya
Türkiyəli aktyor Kerem Bürsinin canlandırdığı məşhur "Serkan Bolat" obrazı adı altında qadını milyonlarla rubl aldatmaqda təqsirli bilinən Nigeriya vətəndaşı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, hadisə iki il əvvəl baş verib.
İstintaqın məlumatına görə, Nigeriya vətəndaşı İroh Çinedu Emmanuel sosial şəbəkələrdə Krasnodar şəhərindən olan bir qadınla tanış olub. O, süni intellekt vasitəsilə hazırlanmış foto və videolardan istifadə edərək özünü məşhur türk aktyoru Kerem Bürsin kimi təqdim edib.
Dələduz qadına Rusiyaya gələcəyini və onunla görüşəcəyini vəd edib. Bunun üçün isə guya təhlükəsizlik, məxfilik və miqrasiya məsələlərinin həlli məqsədilə aktyorun "menecerinə" 3 milyon rubldan çox vəsait köçürməsini istəyib.
Qadın tələb olunan məbləği köçürdükdən sonra pul Moskva şəhərindəki bankomatlardan üçüncü şəxslər vasitəsilə nağdlaşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qadınla heç vaxt əlaqə saxlamadığını iddia edib. Onun sözlərinə görə, vəsaiti Afrikadakı ailəsinə kömək edən tanışının xahişi ilə çıxarıb və dələduzluqdan xəbəri olmayıb.
Məhkəmə İroh Çinedu Emmanueli dələduzluqda təqsirli bilərək onu 3 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərib. Bundan başqa, o, zərərçəkmişə 3 milyon rubl məbləğində təzminat ödəməlidir.