Reklam resmi
Reklam resmi

Sığorta ilə bağlı acı həqiqət: Vətəndaşlar niyə bu xidmətə etibar etmir?

Sığorta ilə bağlı acı həqiqət: Vətəndaşlar niyə bu xidmətə etibar etmir?
İqtisadiyyat

Azərbaycanda sığorta haqları artsa da, sektorda əsas problem hələ də vətəndaşların etimadıdır.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov Ajans.az-a açıqlamasında bildirib ki, sığorta haqlarının artması müsbət göstərici olsa da, bunu yalnız sektorun inkişafı kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, artımın əsas səbəbləri icbari sığorta növlərinin əhatə dairəsinin genişlənməsi, tariflərdəki dəyişikliklər və iqtisadi aktivliyin artmasıdır:

“Sektorun sağlam inkişafını qiymətləndirmək üçün könüllü sığortanın payı artmalıdır. Bunun üçün isə ilk növbədə vətəndaşların sığortaya inamı gücləndirilməlidir. Sığorta şirkətlərinə etimadın artırılması üçün ən vacib amillər şəffaflıq və operativlikdir. Zərərlər vaxtında və ədalətli şəkildə ödənilməli, müqavilə şərtləri sadə dildə tərtib olunmalı, sonradan mübahisə yarada biləcək bəndlər minimuma endirilməlidir. Bununla yanaşı, maliyyə savadlılığının artırılması da mühüm əhəmiyyət daşıyır.”

V.Bədəlovun sözlərinə görə, Azərbaycanda sığorta penetrasiyasının 1,17 faiz səviyyəsində qalmasının əsas səbəblərindən biri də könüllü sığorta növlərinin yetərincə inkişaf etməməsidir:

“İnsanların maarifləndirilməsi, sığortaya inamın artırılması və könüllü sığortanın daha geniş kütləyə çatdırılması bu göstəricinin yüksəlməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrdə bu göstərici bir neçə dəfə yüksəkdir. Könüllü sığortanın geniş yayılması üçün vergi güzəştləri, maarifləndirmə kampaniyaları və rəqəmsallaşdırma mühüm rol oynaya bilər. Ən vacib məsələ isə yenə də sığortaya inamın formalaşdırılmasıdır. Vətəndaş əmin olmalıdır ki, zərər baş verdikdə ödənişini vaxtında və ədalətli şəkildə alacaq. Bu halda insanlar sığortaya illik büdcə ayırmağa daha həvəsli olacaqlar.”

Yaxın illərlə bağlı proqnoz verərkən ekspert bildirib ki, süni intellekt və rəqəmsallaşdırma sığorta sektorunda yeni imkanlar yaradacaq:

“Gələcəkdə fərdiləşdirilmiş sığorta məhsullarının hazırlanması, şərtlərin daha əlçatan olması və ödəniş mexanizmlərinin sadələşdirilməsi ön plana çıxacaq. Bununla yanaşı, sektorun inkişafı üçün əsas diqqət sığortaya inamın və maliyyə savadlılığının artırılmasına yönəldilməlidir. Könüllü sığorta məcburi olmadığı üçün insanlarda bu məhsullara maraq yaradılmalıdır.”

Mələksəda Ziyad

Mövzular:
Sığorta rəqəmsallaşdırma

Digər Xəbərlər