Qonşu ölkədə TƏHLÜKƏLİ VİRUS
Dağıstanın Kızılyurt rayonunda Krım-Konqo hemorragik qızdırmasına (KKHQ) üç yoluxma faktı qeydə alınıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hər üç xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini stabilləşdirə biliblər və hazırda həyatları üçün təhlükə olmadığı bildirilir.
Krım-Konqo hemorragik qızdırması yüksək ölüm riski ilə seçilən təhlükəli virus infeksiyasıdır. Xəstəlik bəzi mənbələrdə qeyri-rəsmi olaraq simptomlarının ağırlığına görə "Asiya Ebola"sı adlandırılır.
Mütəxəssislərin məlumatına əsasən, KKHQ-nin ölüm göstəricisi 10–40 faiz arasında dəyişə bilər. Xəstəlik yüksək hərarət, daxili və xarici qanaxmalar, eləcə də digər ağır fəsadlarla müşayiət olunur.
Hazırda aidiyyəti qurumlar yoluxma halları ilə bağlı epidemioloji araşdırmalar aparır və infeksiyanın yayılmasının qarşısını almaq üçün zəruri profilaktik tədbirlər həyata keçirirlər.