Aİ sammitinin keçirildiyi binanı SU BASDI
Brüsseldə Avropa İttifaqı (Aİ) sammitinə ev sahibliyi edən binada güclü yağış səbəbindən dam sızması qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, Belçika paytaxtında isti hava şəraitindən sonra başlayan güclü yağış zamanı binanın hündür şüşə tavanından su damcıları aşağıdakı mətbuat mərkəzinə axmağa başlayıb. Nəticədə jurnalistlərin işlədiyi masaların bir hissəsi islanıb.
Politico hadisəni ironik şəkildə şərh edərək, "Sızma baş verdi, amma jurnalistika mənasında yox" ifadəsini işlədib.
Nəşr həmçinin binanın daxilində yağış suyunun toplanması üçün yerləşdirilmiş ağ vedrələrin görüntülərini də yayımlayıb.
Hadisə zamanı hər hansı xəsarət alanın olub-olmadığı barədə məlumat verilməyib. Aİ rəsmiləri isə insidentlə bağlı hələlik rəsmi açıqlama yaymayıblar.
Qeyd edək ki, sözügedən bina Avropa İttifaqının ən mühüm siyasi tədbirlərinin və liderlər sammitlərinin keçirildiyi əsas məkanlardan biridir.