Reklam resmi
Reklam resmi

Azərbaycanda benzinin qiymətində artım GÖZLƏNİLİRMİ?

Azərbaycanda benzinin qiymətində artım GÖZLƏNİLİRMİ?
İqtisadiyyat
387

Yanacaq qiymətlərinin yenidən artırılması müzakirə mövzusu olaraq qalır.

Bu barədə iqtisadçı ekspert Asif İbrahimov Ajans.az-a açıqlamasında bildirib ki, qiymətlərin formalaşmasında dövlətin fiskal, sosial və enerji siyasəti mühüm rol oynayır.

Ekspert vurğulayıb ki, Azərbaycanda bir sıra məhsulların, xüsusilə strateji məhsulların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir:

"Aİ-92 markalı benzinin qiyməti sərbəst bazar tərəfindən deyil, Tarif Şurası tərəfindən müəyyən edilir. Buna görə də qiymət dəyişiklikləri təkcə dünya bazarındakı vəziyyətdən deyil, dövlətin həyata keçirdiyi siyasətdən də asılıdır. Son illər həm dövlət qurumlarının, həm də enerji sektorunun xərclərində artım müşahidə olunur. SOCAR tərəfindən neft emalı müəssisələrinin modernləşdirilməsi, yanacağın ekoloji standartlarının yüksəldilməsi və daxili tələbatın artması gələcək qiymət dəyişikliklərinə təsir edə biləcək amillər sırasındadır. SOCAR-da effektsiz idarəetmə problemləri mövcuddur. Təkcə qiymət artımları ilə bu problemlərin həlli mümkün deyil. Burada struktur islahatları vacibdir.”

Ekspert xatırladıb ki, 2026-cı ilin əvvəlində Aİ-92 benzini və dizel yanacağının qiymətlərinin artırılması da müəyyən iqtisadi amillərlə əlaqələndirilirdi:

"Hazırkı şəraitdə yanacağın yenidən bahalaşdırılması sosial baxımdan həssas qərar ola bilər. Yanacağın qiyməti demək olar ki, bütün məhsul və xidmətlərin maya dəyərinə təsir göstərir. Onsuz da vətəndaşlar gündəlik olaraq qiymət artımlarının şahidi olurlar. Bu səbəbdən yeni bahalaşma inflyasiyanı daha da sürətləndirə bilər. Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər daxili bazara avtomatik ötürülmür. Aİ-92 benzini və dizelin qiyməti dövlət tərəfindən tənzimləndiyinə görə, dünya bazarında neftin qiymətində dəyişikliklər daxili bazara birbaşa təsir göstərmir. Daxili qiymətlərin dəyişməsi üçün Tarif Şurasının ayrıca qərarı tələb olunur.”

Bununla yanaşı, o qeyd edib ki, neft emalı, logistika, investisiya xərcləri, idxal olunan komponentlərin qiymətləri və enerji sektorundakı ümumi xərclərin artması gələcəkdə qiymətlərin yenidən nəzərdən keçirilməsi üçün əsas kimi çıxış edə bilər.

Yaxın aylarda yanacağın yenidən bahalaşması ehtimalını aşağı qiymətləndirən ekspert bildirib ki, bunun üçün ciddi iqtisadi əsaslar görünmür:

“2026-cı ilin əvvəlində artıq qiymət artımı həyata keçirilib. Hazırda yenidən artım baş verərsə, bu, ölkədə inflyasiyanın daha da yüksəlməsinə səbəb ola bilər. Buna görə yaxın aylarda kəskin qiymət artımı gözləmirəm. İlin sonunadək bəzi risk faktorları qalır. Neft emalı sektorunda investisiya ehtiyaclarının artması, daxili tələbatın yüksəlməsi, vergi və aksiz siyasətində mümkün dəyişikliklər, eləcə də enerji və nəqliyyat sektorunda əlavə maliyyə ehtiyaclarının yaranmasının qiymətlərə yenidən baxılmasına səbəb ola bilər. Qlobal enerji bazarında fövqəladə dəyişikliklər baş verməzsə və əlavə fiskal ehtiyaclar yaranmazsa, 2026-cı ilin sonunadək Aİ-92 markalı benzinin qiymətinin sabit qalması ehtimalı daha yüksəkdir."

Mələksəda Ziyad

Digər Xəbərlər